14.7.08

Yusif peyğəmbər

Yusif kiçik yaşda ikən atasının yanına gəldi və dedi: “Atacan, mən yuxumda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edirlər.” Atası Yaqub (ə.s.) ona dedi:
- Bu o deməkdir ki, bir zaman on bir qardaşın, atan və anan sənə tabe olacaqlar. Bundan başqa, Allah sənə yuxu yozumunu öyrədəcəkdir. Bunu qardaşlarına danışma, şeytan onları yoldan çıxarar və onlar hiylə qurub sənə pislik etmək fikrinə düşərlər.

Yusifin qardaşları isə öz aralarında belə deyirdilər:

- Bizim sayımız çox olsa da, atamız Yusifi və onun atabir anabir qardaşını bizdən daha çox sevir. Gəlin biz Yusifi öldürək və ya başqa ölkəyə aparaq. Daha sonra tövbə edərik, Allah bizim bu günahımızı bağışlayar.

Onlardan biri:

- Gəlin Yusifi öldürməyək, su quyusunun dibinə ataq, gələn karvanlardan biri onu götürüb uzaq ölkələrə aparsın. –dedi.

Digərləri də onunla razılaşdılar. Yusifi gəzdirmək adı ilə atalarından izin alıb yola çıxdılar və Yusifi aparıb su quyularından birinin dibinə atdılar. Sonra isə onun köynəyini qana batırıb gətirib atalarına verdilər və dedilər:

- Biz Yusifi paltarlarımızın yanında qoyub özümüz yarışmağa getmişdik. Gələndə gördük ki, onu qurd yeyib. Bu da onun qanlı köynəyi.

Yusifi isə Misirə gedən karvanlardan biri quyudan çıxarıb apardı və Misirdə fironun vəzirinə dəyər-dəyməzinə satdı. Evində qulluq etdiyi müddətdə vəzirin Yusifdən xoşu gəlmişdi, hətta onu oğulluğa götürmək barədə də düşünmüşdü. Lakin vəzirin həyat yoldaşı Züleyxa Yusifin gözəlliyi qarşısında tab gətirə bilməmişdi. Bir gün o Yusifə yaxınlıq etmək təklifi etdi. Yusif isə:

- Ağam mənə həmişə yaxşı baxmışdır, mən ona xəyanət edə bilmərəm! –deyərək qapıya doğru qaçmağa çalışdı.

Qaçarkən Züleyxa da onun arxası ilə qaçdı və onun saxlamaq istədi, lakin bu zaman Yusifin köynəyi arxadan cırıldı. Qapıda onlar vəzirə rast gəldilər. Züleyxa dərhal:

- O sənin ailənə pislik etmək istədi! Onu cəzalandır! –dedi.

Yusif isə özünü müdafiə edərək qadının ona təcavüz etdiyini bildirdi. Qadının qohumlarından biri bu vəziyyət barədə belə bir hökm verdi ki, əgər Yusifin köynəyi öndən cırılıbsa, günah ondadır; yox əgər arxadan cırılıbsa, günah Züleyxadadır. Vəzir Yusifin köynəyinin arxadan cırıldığını gördü və onu buraxdı, Züleyxanı isə tənbeh etdi.

Şəhərdə qadınlar Züleyxanın gənc qulluqçusuna vurulub düz yoldan sapdığı barədə söz-söhbət yaymağa başladılar. Züleyxa bu söhbətləri eşitdiyi zaman dərhal bir ziyafət təşkil etdi və bu dedi-qoduları yayan qadınları dəvət etdi. Ziyafət zamanı onlara meyvə kəsmək üçün bıçaqlar verdi. Qadınlar meyvə kəsməyə başladıqlarında Yusifi içəri gətirdi. Yusifi görən qadınlar özlərini elə itirdilər ki, əllərindəki bıçaqlarla barmaqlarını necə kəsdiklərini hiss etmədilər və dedilər: “Bu ki, insan deyil, mələkdir!” Daha sonra, onlar nə etdiklərini görüb xəcalət çəkdilər. Züleyxa isə onlara dedi: “Bu, onu sevdiyimə görə məni tənbeh etdiyiniz oğlandır. İndi məni başa düşürsünüz? Lakin o mənim təklifimi rədd etdi. Əgər qəbul etməməkdə israr etsə, onun zindana saldıracam!” Zindana atılmağın zina və ağasına xəyanətdən üstün olduğuna qərar verən Yusif yenə də Züleyxanın təklifini qəbul etmədi və onu, günahsız olmasını bildiklərinə baxmayaraq, dedi-qodular unudulanadək zindanda saxlamaq qərarına gəldilər.

Zindanda Yusiflə eyni yerdə daha iki gənc var idi. Onlardan biri şah sarayının saqisi, digəri isə aşpazı olmuş, lakin şahı zəhərləməkdə ittiham olunaraq zindana atılmışdılar. Bir gün onlardan biri Yusifə yuxuda üzümdən şərab çəkdiyini, digəri isə başında çörək apardığını və quşların o çörəyi dimdiklədiyini deyərək Yusifdən bu yuxuları yozmasını xahiş etdilər. Yusif saqinin zindandan çıxaraq yenə şahın yanında işləyəcəyini, aşpazın isə edam olunacağını dedi. Belə də oldu və saqi yenə şahın yanında işləməyə getdi.

Bu hadisədən bir neçə ilə keçdikdən sonra, bir dəfə şah yuxusunu saraydakı xidmətçilərinə danışaraq onların bu yuxunu yozmalarını istədi. O yuxuda görmüşdü ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və yeddi quru sünbül yeddi yaşıl sünbülün üstünə dolanır. Saraydakı alimlər bu yuxunun qarışıq, əlaqəsiz olduğunu və ona görə yozula bilməyəcəyini dedilər. Bu zaman şərabçı Yusifin yuxu yoza bildiyini yadına saldı. Şahdan izin alaraq zindana getdi və Yusifdən bu yuxunu yozmasını istədi. Yusif dedi ki, bu yuxunun mənası odur ki, yeddi il məhsulu qənaətlə istifadə etmək lazımdır, ondan sonra gələcək yeddi il isə quraqlıq və aclıq olacaqdır, ehtiyatdan bu illər ərzində istifadə edilməlidir. Bu yeddi ildən sonra isə bol yağışlı bir il olacaqdır.

Şah bu yozumu bəyəndi və Yusifi hüzuruna çağırdı. Lakin Yusif şahın hüzuruna çıxmamışdan əvvəl xahiş etdi ki, şah Züleyxanın məclisindəki qadınlardan Yusifin necə biri olduğu barədə soruşsun. Onlar hamısı Yusifin əxlaqlı olduğunu və heç bir pis iş görmədiyini dedilər. Züleyxa özü də Yusifin isə günahsız olduğunu, günahın özündə olduğunu etiraf etdi.

Yalnız bundan sonra, yəni vəzirin Yusif barədə heç bir şübhəsi qalmadıqdan sonra o zindandan çıxıb şahın hüzuruna gəldi. Şah ona etimad edib yanında saxlamaq istədiyini bildirdi. Təklifi qəbul edən Yusif, şahdan maliyyə və xəzinə işlərinin ona tapşırılmasını xahiş etdi və şah onun istəyini yerinə yetirərək onu dövlətin ən mühüm vəzifələrindən biri olan xəzinədar vəzifəsinə təyin etdi.

Bir müddət keçdikdən sonra Yusifin qardaşları alış-veriş üçün Misirə gəldilər və Yusiflə görüşməli oldular. Yusif onları dərhal tanıdı, onlar isə Yusifi tanımadılar. Yusif onlara, atabir qardaşlarını gətirməsələr onlara buğda verilməyəcəyini bildirdi. Onlar geri qayıdarkən isə, buğda üçün ödədikləri pulu yenidən yüklərinin arasında qatdı.

Qardaşlar geri qayıdıb atalarından digər oğlunun onlarla getməsinə izin verməsini istədilər. Onlar, əks təqdirdə Misirdən buğda ala bilməyəcəklərini dedilər. Yaqub Yusifin başına gələn müsibəti xatırlayaraq bu oğlunu onlarla göndərməyə çox çəkindi, lakin sonda razı oldu. Qardaşlar yola düşdülər.

Misirə gəldiklərində Yusif onları yenə qəbul etdi və buğdalarını verdi. Lakin onlar geri qayıtmağa hazırlaşdıqları zaman, şahın qızıl su qabını atabir anabir qardaşının yükünə qoydu. Karvan yola düşərkən mühafizəçilərə xəbər verildi və onlar itmiş su qabını axtarıb həmin qardaşın yükündən tapdılar. Yusif, oğurluq edənin cəzasının mal sahibinin quluna çevrilməsi olduğunu dedi və qardaşını özü ilə apardı.

Digər qardaşlar kor-peşman atalarının yanına qayıdıb olanları ona danışdılar. Ataları bu hadisəyə görə çox dərd çəkdi, Yusifin də yadına düşməsi ilə ağlamağa başladı. O qədər ağladı ki, gözləri kor oldu.

Bu hadisədən bir müddət keçdikdən sonra Yaqub oğullarını Yusifi və onun doğma qardaşını axtarmağa göndərdi. Oğulları Misirə, Yusifin yanına gələrək: “Bizə kasıblıq üz vermişdir, bizim mallarımızın qarşılığını əliaçıqlıqla ver, bizə yaxşılıq et.” dedilər. Bu zaman Yusif:
- Bəs siz Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi? –deyə soruşdu.

Yalnız bu zaman qardaşları onun Yusif olduğunu anladılar. Yusif öz köynəyini onlara verdi ki, atasının üzünə qoysunlar və onun gözləri açılsın. Onlar deyildiyi kimi etdilər və Yaqubun gözləri açıldı. Bundan sonra onlar bütün ailələri ilə birlikdə Misirə, Yusifin yanına gedərək ona tabe olduqlarını bildirdilər və beləliklə, Yusifin uşaqlıqda gördüyü yuxu həyata keçmiş oldu.

Yusif surəsi (12), 4-101

6.3.08

Musa peyğəmbər və Xızır

Bir dəfə yəhudilər Musa peyğəmbərdən soruşdular: “İnsanlardan ən ağıllısı kimdir?” Musa peyğəmbər cavab verdi: “İnsanlardan ən ağıllı olanı mənəm.” Allahın onun bilmədiklərini də bildiyini demədiyi üçün Allah onu qınadı və ona dərs vermək üçün buyurdu ki, “Həqiqətən iki dənizin qovuşduğu yerdə oturan bəndəm səndən daha çox bilir!” Musa peyğəmbər soruşdu: “Bəs mən onu necə tapa bilərəm?” Allah buyurdu: “Boxçana bir balıq qoy və yola çıx. Balığı itirəcəyin yerdə onu tapacaqsan.”

Musa peyğəmbər qulluqçusu ilə birlikdə yola çıxdı. Qulluqçusu boxcada balığı daşıyırdı. Onlar bir qayalıqda yatdıqları zaman balıq sürüşüb dənizə düşdü və üzüb getdi. Onların bundan xəbəri olmadı və oyandıqda yola davam etdilər. Günorta Musa peyğəmbər qulluqçusuna dedi:
- Naharımızı gətir yeyək, biz lap əldən düşmüşük.
Qulluqçusu boxçaya baxdıqda balığın orada olmadığını gördü və dedi:
- Biz qayalıqda olduğumuz zaman mən balığı itirmişəm. Onu xatırlamağı mənə şeytan unutdurub. Görünür balıq dirilib naməlum şəkildə dənizə getmişdir.
Musa peyğəmbər isə dedi ki, “Bizim istədiyimiz də elə budur!” və onlar izləri ilə geri, qayalığa qayıtdılar. Qayalıqda onlar öz paltarına bürünmüş bir nəfərə rast gəldilər. Musa peyğəmbər dedi:
- Sənə sülh olsun! (Əs salamu əleykum!)
- Sənin ölkəndə bu cür salamlamağı haradan bilirlər? – Xızır soruşdu.
- Mən – Musayam!
- İsrail oğullarından Musa?
- Bəli. Mən sənə öyrədiləni səndən öyrənmək üçün ardınca gələ bilərəm?
- Ey Musa, mənim yanımda qalmaq üçün sənin səbrin kifayət etməz. Allah mənə batini elmi öyrətmişdir, sən isə mən bilənlərdən agah deyilsən. Sənə isə zahiri elmləri öyrətmişdir və onları isə mən bilmirəm. Mən sənin elminə zidd hərəkət etsəm sən mənə qarşı çıxacaqsan.
- İnşallah, sən mənim səbrli olduğumu görəcəksən və mən sən deyənlərdən kənara çıxmayacam! – Musa peyğəmbər dedi.
- O zaman səbəbini izah etmədikcə məndən heç bir şey soruşma.

Onlar yola düşdülər. Gəmiləri olmadığı üçün, sahildə dayanan bir gəmiyə yaxınlaşdılar. Gəmiçilər Xızırı tanıyıb onları özləri ilə ödənişsiz göturməyə razı oldular. Gəmidə olduqları zaman Xızır gəminin taxtalarından bir neçəsini sındırdı. Musa peyğəmbər dedi:
- Bu insanlar bizi qarşılıqsız gəmilərinə götürüblər, sən isə onların gəmisinə zərər verirsən ki, onları batırasan? Sən çox böyük qəbahət işləyirsən!
- Sənə mənim işlərimə dözə bilməyəcəyini demədimmi? – deyə Xızır cavab verdi
Musa peyğəmbər üzr istədi və dedi:
- Məni unutduğum üçün danlama.

Onlar quruya çıxdıqdan sonra, yolla gedərkən başqa uşaqlarla oynayan bir oğlan uşağına rast gəldilər. Xızır o uşağı tutdu və öldürdü. Musa peyğəmbər dərhal dedi: “Sən heç bir günahı olmayan cana qıydın! Sən həqiqətən çox pis bir iş gördün!” Xızır dedi:
- Mənim yanımda səbrli qala bilməyəcəyini sənə demişdim.
- Əgər bundan sonra sənin etdiklərini yenə sorğu-sual etsəm, daha mənimlə yoldaşlıq etmə. – deyə Musa peyğəmbər peşman olduğunu bildirdi.

Onlar yollarına davam etdilər və bir kəndə gəldilər. Kənd əhlindən yemək istədilər, lakin kəndlilər onları xoş qarşılamadılar. Onlar orada yıxılmaqda olan bir divar gördülər. Xızır bu divarı təmir etdi. Musa dedi:
- Əgər istəsəydin, bu iş üçün yemək pulu ala bilərdin.
Xızır isə dedi:
- Burada bizim yollarımız ayrılır. İndi isə əməllərim zahirən səhv göründüyü üçün onlar barədə sənə xəbər verim. Mindiyimiz gəmi bir neçə kasıba mənsub idi. Onların padşahı salamat gəmiləri zorla sahiblərindən alırdı. Mən gəmini qorumaq üçün onu sındırmışdım. Oğlan uşağının valideynləri mömin insanlar idi, onun özünün isə böyüyəndə kafir olub valideynlərini səhv yola çəkəcəyindən ehtiyat etdim və onu öldürdüm. Əvəzində o ailəyə daha mərhəmətli başqa bir övlad verilməsi üçün dua etdim. Divar isə orada yaşayan iki yetim oğlanın idi və altında xəzinə vardı. Allah onların böyüyüb həddi-buluğa çatdıqdan sonra xəzinəni çıxarmalarını istədi deyə divarın uçmuş yerini təmir etdim. Mən bunları özümdən etmədim, Allahın buyuruğunu yerinə yetirdim. Sənin dözə bilmədiyin əməllərin mənası budur.

əl-Kəhf surəsi (18), 60-82

28.2.08

Əshab-i Kəhf

Dar-ül küfr məmləkətlərindən birində yaşayan bir neçə gənc (onların sayını yalnız Allah bilir), cəmiyyətlərindəki çoxtanrılığa qarşı mübarizə aparmaqdan yorulurlar. Ətrafdakı bütpərəstlərlə mübarizə aparırlar, onlara bütlərin tanrı olması barədə dəlillərin mövcud olmadığını başa salıb tək Allaha ibadət etməyə dəvət edirlər. Lakin ətrafdakılar onları qəbul etmirlər. Məsələ hətta məmləkətin hökmdarınına qədər gedib çatır, lakin gənclərin dərdinə çarə tapılmır, heç kim onları anlamaq istəmir.

Son ümidlərini Allaha bağlayıb o məmləkətdən uzaqlaşmağa qərar verirlər. Bu zaman onların başçısı, onlara mağaraya çəkilməyi və Allahdan orada yardım diləməyi tövsiyə edir. Beləliklə, gənclər mağaraya üz tuturlar.

Mağarada Allahın izniylə həm gənclər, həm də onların iti dərin yuxuya gedir. Yuxuda Allah onları qoruyur, bədənləri çürüyüb torpağa qarışmasın deyə onları yuxuda ikən çevirir, günəş şüalarından qoruyur və küləklə rahatlaşdırır. Bir müddət sonra Allah onları ayıldır. Gənclər ayıldıqda bir gün və ya bir gündən də az yatdıqlarını zənn edirlər, lakin onlar günəş təqvimi ilə 300, ay təqvimi ilə 309 il yatmışdılar.

Daha sonra Allah öz qüdrətini və insanları öldürdükdən sonra dirildəcəyini bir daha sübut etmək üçün onları camaatın içinə geri göndərir. Onlar öldükdə isə yenidən cəmiyyətdə müxtəlif mübahisələr başlayır (öldükdən sonra dirilmə bədən və ruhla, yoxsa təkcə ruhla olacaq, əshab-i kahfın qəbrinin üstünə bina, yoxsa məscid tikilməlidir və s.).

əl-Kəhf surəsi (18), 9-22