14.7.08

Yusif peyğəmbər

Yusif kiçik yaşda ikən atasının yanına gəldi və dedi: “Atacan, mən yuxumda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edirlər.” Atası Yaqub (ə.s.) ona dedi:
- Bu o deməkdir ki, bir zaman on bir qardaşın, atan və anan sənə tabe olacaqlar. Bundan başqa, Allah sənə yuxu yozumunu öyrədəcəkdir. Bunu qardaşlarına danışma, şeytan onları yoldan çıxarar və onlar hiylə qurub sənə pislik etmək fikrinə düşərlər.

Yusifin qardaşları isə öz aralarında belə deyirdilər:

- Bizim sayımız çox olsa da, atamız Yusifi və onun atabir anabir qardaşını bizdən daha çox sevir. Gəlin biz Yusifi öldürək və ya başqa ölkəyə aparaq. Daha sonra tövbə edərik, Allah bizim bu günahımızı bağışlayar.

Onlardan biri:

- Gəlin Yusifi öldürməyək, su quyusunun dibinə ataq, gələn karvanlardan biri onu götürüb uzaq ölkələrə aparsın. –dedi.

Digərləri də onunla razılaşdılar. Yusifi gəzdirmək adı ilə atalarından izin alıb yola çıxdılar və Yusifi aparıb su quyularından birinin dibinə atdılar. Sonra isə onun köynəyini qana batırıb gətirib atalarına verdilər və dedilər:

- Biz Yusifi paltarlarımızın yanında qoyub özümüz yarışmağa getmişdik. Gələndə gördük ki, onu qurd yeyib. Bu da onun qanlı köynəyi.

Yusifi isə Misirə gedən karvanlardan biri quyudan çıxarıb apardı və Misirdə fironun vəzirinə dəyər-dəyməzinə satdı. Evində qulluq etdiyi müddətdə vəzirin Yusifdən xoşu gəlmişdi, hətta onu oğulluğa götürmək barədə də düşünmüşdü. Lakin vəzirin həyat yoldaşı Züleyxa Yusifin gözəlliyi qarşısında tab gətirə bilməmişdi. Bir gün o Yusifə yaxınlıq etmək təklifi etdi. Yusif isə:

- Ağam mənə həmişə yaxşı baxmışdır, mən ona xəyanət edə bilmərəm! –deyərək qapıya doğru qaçmağa çalışdı.

Qaçarkən Züleyxa da onun arxası ilə qaçdı və onun saxlamaq istədi, lakin bu zaman Yusifin köynəyi arxadan cırıldı. Qapıda onlar vəzirə rast gəldilər. Züleyxa dərhal:

- O sənin ailənə pislik etmək istədi! Onu cəzalandır! –dedi.

Yusif isə özünü müdafiə edərək qadının ona təcavüz etdiyini bildirdi. Qadının qohumlarından biri bu vəziyyət barədə belə bir hökm verdi ki, əgər Yusifin köynəyi öndən cırılıbsa, günah ondadır; yox əgər arxadan cırılıbsa, günah Züleyxadadır. Vəzir Yusifin köynəyinin arxadan cırıldığını gördü və onu buraxdı, Züleyxanı isə tənbeh etdi.

Şəhərdə qadınlar Züleyxanın gənc qulluqçusuna vurulub düz yoldan sapdığı barədə söz-söhbət yaymağa başladılar. Züleyxa bu söhbətləri eşitdiyi zaman dərhal bir ziyafət təşkil etdi və bu dedi-qoduları yayan qadınları dəvət etdi. Ziyafət zamanı onlara meyvə kəsmək üçün bıçaqlar verdi. Qadınlar meyvə kəsməyə başladıqlarında Yusifi içəri gətirdi. Yusifi görən qadınlar özlərini elə itirdilər ki, əllərindəki bıçaqlarla barmaqlarını necə kəsdiklərini hiss etmədilər və dedilər: “Bu ki, insan deyil, mələkdir!” Daha sonra, onlar nə etdiklərini görüb xəcalət çəkdilər. Züleyxa isə onlara dedi: “Bu, onu sevdiyimə görə məni tənbeh etdiyiniz oğlandır. İndi məni başa düşürsünüz? Lakin o mənim təklifimi rədd etdi. Əgər qəbul etməməkdə israr etsə, onun zindana saldıracam!” Zindana atılmağın zina və ağasına xəyanətdən üstün olduğuna qərar verən Yusif yenə də Züleyxanın təklifini qəbul etmədi və onu, günahsız olmasını bildiklərinə baxmayaraq, dedi-qodular unudulanadək zindanda saxlamaq qərarına gəldilər.

Zindanda Yusiflə eyni yerdə daha iki gənc var idi. Onlardan biri şah sarayının saqisi, digəri isə aşpazı olmuş, lakin şahı zəhərləməkdə ittiham olunaraq zindana atılmışdılar. Bir gün onlardan biri Yusifə yuxuda üzümdən şərab çəkdiyini, digəri isə başında çörək apardığını və quşların o çörəyi dimdiklədiyini deyərək Yusifdən bu yuxuları yozmasını xahiş etdilər. Yusif saqinin zindandan çıxaraq yenə şahın yanında işləyəcəyini, aşpazın isə edam olunacağını dedi. Belə də oldu və saqi yenə şahın yanında işləməyə getdi.

Bu hadisədən bir neçə ilə keçdikdən sonra, bir dəfə şah yuxusunu saraydakı xidmətçilərinə danışaraq onların bu yuxunu yozmalarını istədi. O yuxuda görmüşdü ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və yeddi quru sünbül yeddi yaşıl sünbülün üstünə dolanır. Saraydakı alimlər bu yuxunun qarışıq, əlaqəsiz olduğunu və ona görə yozula bilməyəcəyini dedilər. Bu zaman şərabçı Yusifin yuxu yoza bildiyini yadına saldı. Şahdan izin alaraq zindana getdi və Yusifdən bu yuxunu yozmasını istədi. Yusif dedi ki, bu yuxunun mənası odur ki, yeddi il məhsulu qənaətlə istifadə etmək lazımdır, ondan sonra gələcək yeddi il isə quraqlıq və aclıq olacaqdır, ehtiyatdan bu illər ərzində istifadə edilməlidir. Bu yeddi ildən sonra isə bol yağışlı bir il olacaqdır.

Şah bu yozumu bəyəndi və Yusifi hüzuruna çağırdı. Lakin Yusif şahın hüzuruna çıxmamışdan əvvəl xahiş etdi ki, şah Züleyxanın məclisindəki qadınlardan Yusifin necə biri olduğu barədə soruşsun. Onlar hamısı Yusifin əxlaqlı olduğunu və heç bir pis iş görmədiyini dedilər. Züleyxa özü də Yusifin isə günahsız olduğunu, günahın özündə olduğunu etiraf etdi.

Yalnız bundan sonra, yəni vəzirin Yusif barədə heç bir şübhəsi qalmadıqdan sonra o zindandan çıxıb şahın hüzuruna gəldi. Şah ona etimad edib yanında saxlamaq istədiyini bildirdi. Təklifi qəbul edən Yusif, şahdan maliyyə və xəzinə işlərinin ona tapşırılmasını xahiş etdi və şah onun istəyini yerinə yetirərək onu dövlətin ən mühüm vəzifələrindən biri olan xəzinədar vəzifəsinə təyin etdi.

Bir müddət keçdikdən sonra Yusifin qardaşları alış-veriş üçün Misirə gəldilər və Yusiflə görüşməli oldular. Yusif onları dərhal tanıdı, onlar isə Yusifi tanımadılar. Yusif onlara, atabir qardaşlarını gətirməsələr onlara buğda verilməyəcəyini bildirdi. Onlar geri qayıdarkən isə, buğda üçün ödədikləri pulu yenidən yüklərinin arasında qatdı.

Qardaşlar geri qayıdıb atalarından digər oğlunun onlarla getməsinə izin verməsini istədilər. Onlar, əks təqdirdə Misirdən buğda ala bilməyəcəklərini dedilər. Yaqub Yusifin başına gələn müsibəti xatırlayaraq bu oğlunu onlarla göndərməyə çox çəkindi, lakin sonda razı oldu. Qardaşlar yola düşdülər.

Misirə gəldiklərində Yusif onları yenə qəbul etdi və buğdalarını verdi. Lakin onlar geri qayıtmağa hazırlaşdıqları zaman, şahın qızıl su qabını atabir anabir qardaşının yükünə qoydu. Karvan yola düşərkən mühafizəçilərə xəbər verildi və onlar itmiş su qabını axtarıb həmin qardaşın yükündən tapdılar. Yusif, oğurluq edənin cəzasının mal sahibinin quluna çevrilməsi olduğunu dedi və qardaşını özü ilə apardı.

Digər qardaşlar kor-peşman atalarının yanına qayıdıb olanları ona danışdılar. Ataları bu hadisəyə görə çox dərd çəkdi, Yusifin də yadına düşməsi ilə ağlamağa başladı. O qədər ağladı ki, gözləri kor oldu.

Bu hadisədən bir müddət keçdikdən sonra Yaqub oğullarını Yusifi və onun doğma qardaşını axtarmağa göndərdi. Oğulları Misirə, Yusifin yanına gələrək: “Bizə kasıblıq üz vermişdir, bizim mallarımızın qarşılığını əliaçıqlıqla ver, bizə yaxşılıq et.” dedilər. Bu zaman Yusif:
- Bəs siz Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi? –deyə soruşdu.

Yalnız bu zaman qardaşları onun Yusif olduğunu anladılar. Yusif öz köynəyini onlara verdi ki, atasının üzünə qoysunlar və onun gözləri açılsın. Onlar deyildiyi kimi etdilər və Yaqubun gözləri açıldı. Bundan sonra onlar bütün ailələri ilə birlikdə Misirə, Yusifin yanına gedərək ona tabe olduqlarını bildirdilər və beləliklə, Yusifin uşaqlıqda gördüyü yuxu həyata keçmiş oldu.

Yusif surəsi (12), 4-101